
“Hesab bizim üçün də gözlənilməz oldu. Böyük hesablı qələbə gözləmirdik. Müəyyən boşluqlar görmüşdük və onların üzərində işləyirdik”.
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sumqayıt"a 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib.
Gənc mütəxəssis nəticədən məmnunluq ifadə edib: "Bilirdik ki, bizi çətin oyun gözləyir. “Sumqayıt” heyətində yaxşı futbolçular olan bir komandadır. Bu, çox təhlükəli rəqibdir. Komanda həftə ərzində hazırlaşdığımız və istədiyimiz oyunu meydanda göstərdi. Bu da bizi sevindirməyə bilməz. Üzərində işlədiklərimizi meydanda gördük".
"Qış fasiləsindən sonra bizə bir az çətin olacağını bilirdik. Bəzi oyunçular komandanı tərk etmişdi, yeni gələnlərə adaptasiya üçün vaxt lazım idi. Komanda şəklində istədiyimizi ala bilmirdik" deyən Baxşıyev Klesio Baukun oyunundan razılığını bildirib: "Bauk bir ilə yaxındır komandadadır. Onun oyunu həm bizi, həm azarkeşləri sevindirməyə bilməz. Bu onun tam potensialı deyil. O, hətta çempionatın tapıntısı ola bilər".