“Rəqibin gücünə əsasən, oyunun çətin keçəcəyini gözləyirdik. Bilirdik ki, Polşa millisi oyunu meydanın bizə aid hissəsində keçirəcək. Buna hazır idik. Oyunumuzu məhz bunun üzərində qurmuşduq”.
Sportnet.az-ın məlumatına görə, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Polşa millisinə 0:5 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunundan sonra deyib. Gənc mütəxəssis güclü rəqibə yenildiklərini vurğulayıb: “Əks-hücumlarda istəyimizə çatmaq istəyirdik. Oyunun əlavə vaxtında buraxdığımız qollar bizim üçün yaxşı hal deyil. Gənc komandayıq. Bu cür beynəlxalq oyun təcrübəmizin olmaması özünü büruzə verdi. Rəqib isə illərdir dünya və Avropa çempionatının seçmə mərhələsində iştirak edir. Biz isə ilk dəfədir seçmə mərhələdə mübarizə aparırıq. Polşa komandası bütün komponentlərdə bizi üstələdi və qələbə qazandı”.
Qeyd edək ki, D qrupunda 4-cü oyunundan da məğlub ayrılan Azərbaycan millisi hazırda sonuncudur.