Belarus Futbol Federasiyasının İntizam Komitəsi Brest "Dinamo"sunun futbolçusu Yevgeni Xaçeridini 5 oyunluq cəzalandırıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən məlumatına görə, buna ukraynalı müdafiəçinin yerli çempionatın V turunun "Vitebsk"lə səfər oyunundan (0:1) sonra görüşün baş hakimi Sergey Çistovu vurmaq istəməsi səbəb olub.
"Pressbol" nəşrinin yazdığına görə, referi oyun ərzində qonaq komandanın iki üzvünə - Qabi Kiki və Xaçeridiyə qırmızı vərəqə göstərib. Final fitindən sonra 33 yaşlı oyunçu hakimin üstünə hücum çəkib.
S.Çistovu təhqir edən "Dinamo"nun massajçısı Sergey Lapiçki isə 3 oyunluq diskvalifikasiya olunub.
Qeyd edək ki, Belarus çempionatı hazırda koronavirus pandemiyasına baxmayaraq Avropada davam edən yeganə futbol yarışıdır. "Vitebsk" 10 xalla 3-cü, "Dinamo" isə 7 xalla 8-ci pillədə qərarlaşıb.