
İspaniya Sequndası Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Albasete"nin matçı ilə bərpa olunacaq.
Sportnet.az İspaniya Kral Futbol Federasiyasının rəsmi "Twitter" istinadən xəbər verir ki, komanda XX turdan təxirə salınmış "Rayo Valyekano" ilə səfər görüşünə çıxacaq. Qarşılaşma iyunun 10-da Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qarşılaşma 15 dekabr 2019-cu ildə təxirə salınıb. Həmin vaxt matçın ilk yarısı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Fasilədən sonra isə "Albasete" meydana çıxmaqdan imtina edib. Səbəb kimi İsrafilovun komanda yoldaşı Roman Zozulyanı yerli fanatların təhqir etmələri göstərilib. Onlar Zozulyanı Ukrayna ordusuna dəstək verdiyi üçün nasist adlandırıblar.
Görüşün 45-ci dəqiqəsində İsrafilov qırmızı vərəqə alaraq meydandan qovulub, bu səbəbdən, "Albasete" meydana 10 nəfərlə çıxacaq.
Qeyd edək ki, "Albasete" 30 oyundan sonra 35 xalla 18-ci, "Rayo Valyekano" isə 40 xalla 11-ci pillədə qərarlaşıb. La Liqa isə iyunun 11-də bərpa olunacaq. Sequnda da digər oyunlar iyunun 12-də keçiriləcək.