
Türkiyənin "Qalatasaray" klubundan ayrılan ilk futbolçunun kimliyi məlum olub.
Sportnet.az-ın məlumatına görə, rumıniyalı hücumçu Florin Andone İstanbul təmsilçisi ilə vidalaşıb.
Bununla bağlı o, şəxsi "Instagram" hesabında paylaşım edib.
"Sarı-qırmızılılar"a istədiyi xeyiri verə bilməməsindən təəssüflənən 27 yaşlı forvard kluba və azarkeşlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, ötən həftə Türkiyə Superliqasının XXVII turunun "Rizəspor"la oyununda (0:2) dizindən zədə alan Florin Andone üçün cari mövsüm vaxtından əvvəl başa çatıb. "Qalatasaray"ın heyətində 12 oyunda meydana çıxan futbolçu cəmi 2 qol vurub. O, yayda İngiltərənin "Brayton" klubundan 1 illik icarə əsasında "Cim-Bom"a keçmişdi.