
"Qarabağ"ın yeni transferi Uroş Matiç əvvəllər Bakıya iki fərqli komandanın heyətində 3 dəfə səfər edib.
Sportnet.az-ın məlumatına görə, ilk səfər Matiçin Danimarka "Kopenhagen"ində çıxış etdiyi vaxt gerçəkləşib. 2017-ci il dekabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş Çempionlar Liqasının ilk "pley-off" matçı makedon əsilli serbiyalı yarımmüdafiəçinin komandası üçün məğlubiyyətlə yekunlaşıb - 0:1. Həmin görüşdə orta sahənin mərkəzində çıxış etmiş futbolçu əvvəldən sonadək meydanda olub.
Amma o, avqustun 23-də oynanılmış cavab qarşılaşmasında, əksinə, axıradək ehtiyatda qalıb. Komandası 2:1 hesabı ilə qalib gəlsə də, qrup mərhələsinə səfər qolu sayəsində "Qarabağ" tarixində ilk dəfə yüksəlib.
Matiç 2019/2020 mövsümünü icarə əsasında Kipr APOEL-ində keçirdiyi vaxt həm Çempionlar Liqasının III təsnifat, həm də Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı oynayıb. O, Kiprdəki təsnifat oyununda 65-ci dəqiqəyədək çıxış edib, komandası isə uduzub - 1:2.
Bakıdakı cavab görüşündə də "11-lik"də yer almış Matiç "Qarabağ"ı 68-ci dəqiqədə məyus edərək, APOEL-ə 2:0 hesablı qələbə qazandırıb və səfərdə daha çox qol vurmaları səbəbindən Çempionlar Liqasında "pley-off"a çıxarıb.
Lakin iş elə gətirib ki, sonradan hər iki komanda Avropa Liqasında eyni qrupa düşüb. İstər Bakıda 2:2 hesablı heç-heçə ilə yekunlaşmış, istərsə də Nikosiyada APOEL-in 2:1 hesablı qələbəsi ilə başa çatmış matçlarda Matiç sonadək komandasına kömək edib.
"Qarabağ"ın yeni transferi "Kopenhagen"də yarımmüdafiənin mərkəzində 8, APOEL-də isə sağ cinahda 14 nömrəli forma ilə çıxış edib. "Qarabağ"a o, ailə problemləri ilə əlaqədar müqaviləsini pozan Miçeli mərkəzdə əvəzləmək üçün gətirilib. Ağdam komandasında Matiç ispaniyalı futbolçunun forma nömrəsini geyinəcək.
Beləliklə, Uroş Matiç əvvəllər "Kopenhagen" və APOEL-in oyunçusu kimi 3 dəfə ayaq basdığı Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünə bu dəfə "Qarabağ"ın futbolçusu kimi çıxacaq. Onunla 2+1 illik müqavilə bağlanılıb.