
Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə "Səbail" və "Qəbələ" komandaları arasında yoxlama oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutmuş görüş "qırmızı-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 75-ci dəqiqədə "Qəbələ"nin legioneri Nikola Raysel penaltidən vurub.
Qalib komandanın baş məşqçisi Elmar Baxşıyev bu görüşdə aşağıdakı “11-liy”ə şans verib: Tərlan Əhmədli, Sadiq Quliyev, Yusif Nəbiyev, Yurgen Qoca, Rasim Ramaldanov, Qismət Alıyev, Asif Məmmədov, Cavid Hüseynov, Roman Hüseynov, Ülvi İsgəndərov, Stefan Vukçeviç.
Görüşün ilk yarısı qarşılıqlı hücumlar şəraitində keçirib. Lakin komandalardan heç biri fərqlənməyə nail olmayıb. Fasilədə və ikinci hissədə hər iki komandada oyunçu dəyişiklikləri baş verib. “Qırmızı-qaralar”ın heyətində Nikolas Raysel, Rodriqo Qattas, Merab Qiqauri, Yaovi Akakpo, Samir Qurbanov meydana daxil olub.
Qeyd edək ki, "Səbail” Azərbaycan Premyer Liqasında növbəti oyununu sentyabrın 12-də evdə “Zirə"yə qarşı keçirəcək. "Qəbələ" isə ertəsi gün "Sabah"ın qonağı olacaq.