"Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin "Qalatasaray" komandasının yeni transferi Fatih Öztürk qalmaqala səbəb olub.
Sportnet.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı qolkiper gecə yarısı sarışın qızla restorona gedib. O, məkandan çıxan kimi jurnalistlərlə rastlaşıb.
Media nümayəndələri oyunçunun fotosunu çəkib, Öztürk isə buna sərt reaksiya verib və yanındakı xanımla birlikdə üzünü gizlətməyə çalışb.
Qapıçı daha sonra jurnalistlərə hücum edib və bu ifadələri işlədib: "Mənim şəklimi çəkə bilməzsiniz. Tez onları silin".
Jurnalistlər isə qarşı tərəfə istədiyi cavabı verməyib, qolkiperi mühafizəçilər sakitləşdirib. Öztürk şəkillər yayımlanacağı təqdirdə məhv olacağını və klubu ilə böyük problem yaşayacağını söyləyib.
Qapıçının yanındakı xanım ağlamağa başlayıb və evli olduğunu bildirib: "Hazırda boşanmaq üzrəyəm. Xahiş edirəm ki, şəkilləri silin, yoxsa biz məhv olacağıq. Oyunçu isə yanındakı xanımı hadisə yerindən uzaqlaşdırıb və o da media nümayəndələrindən xahiş edib: "Müqaviləni yeni imzalamışam. Belə şeylərə öyrəşməmişəm. Sizdən xahiş edirəm. Mən də başqaları kimi fotoaparatı əlinizdən alım qırım? Belə etsək, nə olacaq? Ən azı məhkəməyə gedəcəksiniz və aparatı alacağam, sizə verəcəyəm".
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1.