UEFA Avropa Liqasının I qrupunun III turunda "Qarabağ"ı qəbul edəcək Türkiyə "Sivasspor"unda zədəli futbolçuların durumuna aydınlıq gəlib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sol ayaq əzələsində yırtıq aşkarlanan Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Daha əvvəl ayağından əməliyyat olunmuş Aaron Appindanqoenin müalicəsində sonuncu mərhələ başlayıb. Sağ dizində problem aşkarlanan Sergey Rıbalka və Ziya Erdalın 1 həftədən sonra məşqlərə başlayacağı bildirilib. Adıçəkilən 4 futbolçunun Ağdam təmsilçisi ilə matçı buraxacağı dəqiqdir.
Digər zədəli Marselo Qoyanonun isə yaxın günlərdə komanda ilə hazırlıq prosesinə qoşulacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.