Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda qrup mərhələsinin V turunda Monteneqronu qəbul edib.
Ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda baş tutan görüş qolsuz heç-heçə ilə başa çatıb.
Oyuna daha fəal başlayan qonaqlar 15-ci dəqiqədə SteVan Yovetiçin zərbəsi ilə hesabı açmağa yaxın olub. Amma Şahruddin Məhəmmədəliyev buna imkan verməyib. 4 dəqiqə sonra Abbas Hüseynovun hava ötürməsini Mahir Emreli başla qapıya göndərsə də, Milan Miyatoviç zərbənin qarşısını alıb. 39-cu dəqiqədə Yovetiçin vurduğu top qapıdan aralı keçib. İlk hissənin əsas vaxtına əlavə olunmuş sonuncu - 2-ci dəqiqədə rəqib azlıqda qalıb. İqor İvanoviç 2-ci sarı vərəqəni alaraq, meydandan qovulub. Komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
İkinci hissə Azərbaycan millisinin hücumları ilə başlayıb. Fasilədən sonra meydana daxil olan Amin Seydiyev 50-ci dəqiqədə yaxşı fürsət əldə etsə də, dəyərləndirə bilməyib. 8 dəqiqə sonra Qara Qarayevin zərbəsində dəqiqlik çatmayıb. 70-ci dəqiqədə rəqibin heyətində ən təhlükəli futbolçu olan Yovetiçin təqribən 45-50 metrlik məsafədən vurduğu zərbə qapı tirinə dəyib. Ardınca İqor Vuyaçiçin zərbəsi zamanı Məhəmmədliyev inamlı oynayıb. 85-ci dəqiqədə əsas millidə debüt edən Xəyal Nəcəfovun zərbəsini rəqib qapıçı çətinliklə çıxarıb.
Bu nəticədən sonra xallarını 5-ə çatdıran Azərbaycan millisi 3-cü pillədəki yerini qoruyub. Beləliklə, yığma qrup qalibi olmaq şansını əldən verib. Monteneqro isə bərabərliyə baxmayaraq, 10 xalla liderliyə yüksəlib. Çünki qrupun digər oyununda Lüksemburq səfərdə Kiprə 1:2 hesabı ilə uduzub.
________________________________________________________________
Futbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda UEFA Millətlər Liqasının V turunda Monteneqronu qəbul edəcək.
C Liqasının 1-ci qrupundakı qarşılaşma ölkədəki hərbi vəziyyətlə əlaqədar Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda baş tutacaq.
Bunadək 4 xal toplaya bilən yığma xal itirəcəyi təqdirdə qrup qalibi olmaq imkanından məhrum olacaq. Qazanılacaq 3 xal isə komandanın C Liqasında qalmasını rəsmiləşdirəcək.
Yığma qələbə qazana bilməsə də bu liqada qalması mümkündür. Qrupun digər görüşündə Kipr Lüksemburqu qəbul edəcək Meydan sahibləri Azərbaycan seçməsindən yaxşı nəticə göstərməsə C Liqasında qalmaq üçün pley-offda mübarizə aparacaq.
Qrupda ilk pillənin də taleyinə aydınlıq gələ bilər. Yığma Monteneqronu məğlub etsə, Lüksem isə qələbə qazansa B Liqasına vəsiqənin sahibi müəyyənləşəcək. Görüşlər belə yekunlaşsa, son turda Azərbaycan seçməsi ilə üz-üzə gələcək Lüksemburq qrup qalibi olacaq.
Millətlər Liqası
V tur
21:00. Azərbaycan – Monteneqro - 0:0
Qırmızı vərəqə: İqor İvanoviç, 45+2 (Monteneqro)
Baş hakim: Sergey İvanov (Rusiya)
Zapreşiç (Xorvatiya). "Ivan Laljak-Iviç" stadionu