
Aşağıdakı foto Ukrayna Premyer Liqasında XVI turun "Minay" - "Olimpik" (Donetsk) oyunundan (2:1) əvvəl çəkilib və əlini ürəyinin üstünə qoyanlardan biri - Azərbaycan millisinin keçmiş qapıçısı Andrey Popoviç tərəfindən paylaşılıb. Arxadakı kapitan sarğılı futbolçu isə "Minay"ın Azərbaycan millisinə namizəd olan hücumçusu Anatoli Nuriyevdir.
Baxıram, Popoviç Azərbaycanın əsas millisinin heyətində 2 oyuna çıxıb və 2 top buraxıb. Ukraynada doğulub, Azərbaycana bağlılığı var-ya yox, bilmirəm. Hər halda bu gün Ukrayna himni səsləndiriləndə, əlini ürəyinin üstünə qoyur. Azərbaycanda olduğu müddətdə isə içki məclislərindən fotolar paylaşmaqdan başqa heç nə ilə yadda qalmamışdı.
Elə bu oyunda penaltidən 2 qol vuracaq və sona doğru qırmızı vərəqə ilə meydandan qovulacaq əslən azərbaycanlı Anatoli Nuriyev isə...
Yaxın dostlarım Ukraynanı necə sevdiyimi çox gözəl bilirlər. Bu ölkə mənim üçün Türkiyə ilə müqayisə aparılacaq dərəcədə yaxındır. Ukraynanın Rusiya tərəfindən param-parça edildiyini gördükdə çox üzülürəm və ən azı Donetsklə Luqanskın geri qaytarılacağı günü səbirsizliklə gözləyirəm.
Amma himnin səsləndirilməsi elə bir həssas epizoddur ki, hamının diqqəti sənin üzərində olur, həmin vaxt sən ürəyindən gəlməsə belə, hansı qabiliyyət yiyəsisənsə, onu büruzə verməlisən. İstər həmin vaxt Araz Abdullayev olsun, istərsə də Riçard Almeyda!
Bax, burada hamının diqqəti Ukrayna bayrağına yönəldiyi halda Nuriyevin fikri başqa yerdədir. Nə bilmək olar, bəlkə də gözləri ilə Azərbaycan bayrağı axtarır. Rus, daha dəqiqi, Rusiyanın tanınmış müğənnisi Leonid Aqutin demişkən, "Где то далеко"...
Bir qədər tanış mənzərədir. Mahir Şükürov "Anji"də oynadığı vaxt Rusiya himni səsləndirildilərkən, hamı üzünü qonşu ölkənin bayrağına çevirdiyi vaxt yerində durmamışdımı?
Yaxud Bəxtiyar Abbasov sambo yığmamızda çıxış edərkən, fəxri kürsüdə erməni himnini oturaraq, buna görə cəzalandırılacağını bilə-bilə, dinləməmişdimi?
Azərbaycan idmanında milyonların dövr etdiyi vaxtlarda komandalarımıza gələn neçə-neçə legioner milliləşdirilmişdi. Onlardan bəzilərinin "Bakı 2015" I Avropa Oyunlarında millilərimiz qalib olduqları vaxt cani dildən Dövlət Himnimizi oxuduqlarını xatırlayırsınız?
Əksi də baş verib. Himn çalındığı vaxt millinin legionerləri himnimizi bilmədiklərini bəhanə edərək, ağızlarını açıb-yummağı belə, özlərinə sığışdırmayıblar.
Milli komanda milli atributlara - gerbinə, bayrağına, himninə ürəkdən, ən azı əlini ürəyinin üstünə qoyaraq dəyər verənlər üçündür. Pul və ya daha nə bilim, nə üçün yığmaya gələn Dmitri Nazarov, Eddi İsrafilov və s. kimilər üçün yox!