"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis "gabalafc.az"a açıqlamasında hazırlıq prosesi yeni başladığı üçün nəsə deməyin tez olduğunu bildirib.
O, öz oyunları barədə yalnız qış fasiləsindən sonra ilk turda danışmağın mümkünlüyünü vurğulayıb: "Hazırda işlərimiz prosesimiz davam edir. Ümumi nəsə demək üçün çox tezdir. Futbolçularımız səylə çalışırlar. Oyunumuz haqda yalnız fevralın 1-i - "Bakı" ilə qarşılaşmadan sonra danışa bilərik. Hazırkı dövr həmin matça hazırlıq dövrüdür".
Qriqorçuk yeni transferlər Rəşad Sadiqov və Aleksey Qay barədə də fikirlərini açıqlayıb: "Hər ikisi təcrübəli futbolçudur. Onların oyununa, komandaya xeyir verib-verməyəcəklərinə dair hər hansı şübhəmiz yox idi. Onlar zaman ötdükcə öz səviyyələrini göstərirlər. Heyətimizə qatdığımız gənc futbolçular isə çalışırlar və daha çox çalışmalıdırlar".
Qeyd edək ki, "Qəbələ" Antalya toplanışındakı ilk yoxlama matçında Hollandiya PSV-sinin ikinci komandası ilə qolsuz heç-heçə edib - 0:0.