
Azərbaycan və Serbiya yığmaları arasındakı DÇ-2022-nin seçmə oyununun israilli baş hakimi Roy Raynşrayber 2014-cü ildə FIFA referisi dərəcəsi alıb.
Sportnet.az-ın məlumatına görə, 41 yaşlı baş hakim Azərbaycan millisinin oyununu ilk dəfə idarə edəcək. O, sonuncu dəfə 2018/2019 mövsümündə "Qarabağ"ın Ukrayna "Vorskla"sı ilə keçirdiyi Avropa Liqasının qrup oyununda fit çalıb. 2018-ci il oktyabrın 25-də Bakı Olimpiya Stadionunda təşkil olunmuş həmin qarşılaşma "Vorskla"nın qələbəsi ilə yekunlaşıb - 1:0.
Daha əvvəl isə israilli referi 2017/2018 mövsümündə "Qarabağ"ın Moldovada "Şerif"i 2:1 hesabı ilə udduğu Çempionlar Liqasının III təsnifat, 2015/2016 mövsümündə "Qəbələ"nin Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo"ya eyni hesabla uduzduğu Avropa Liqasının I təsnifat oyunlarında iş başında olub. Həmin mövsümlərdə "Qarabağ" ilk dəfə Çempionlar Liqasının, "Qəbələ" isə Avropa Liqasının qrup mərhələlərinə vəsiqə qazanıb.
Raynşrayber indiyədək Serbiya komandalarının oyunlarında iştirak etməyib.