
“Səbail” yetirməsi Zeynəddin Abdurahmanov ilə 3 illik peşəkar müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi əsas komandada 38 nömrəli forma ilə çıxış edəcək.
Bununla bağlı təəssüratlarını bölüşən gənc oyunçu ölkə xaricində çıxış etmək istədiyini bildirib: "İlk peşəkar müqavilə hər bir futbolçu üçün çox önəmlidir. Klubun yetirməsi olaraq, əsas komanda ilə müqavilə imzalamaq böyük şərəfdir. Əsas məqsədlərimdən biri də bu idi. Milli komandamızda oynamaq və xarici ölkələrdə fəaliyyətimə davam etmək də məqsədlərim arasındadır".
Abdurahmanov əziyyətinin yerdə qalmadığını söyləyib: "İlk olaraq klub rəhbərliyinə və başda Ruslan müəllim olmaqla mənim üzərimdə əziyyəti olan Səbuhi və Yaşar müəllimə təşəkkürümü bildirirəm. Onların da, özümün də əziyyəti yerdə qalmadı və peşəkar müqaviləyə imza atdım. Aftandil müəllim kimi peşəkar məşqçi ilə yola davam edəcəyimə görə özümü çox şanslı hiss edirəm".
Qeyd edək ki, Zeynəddin Abdurahmanov "Səbail" Futbol Akademiyasının U-17 və U-19 komandalarında oynayıb.