"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXI turunda səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada hakimlərə kəskin etiraz edib.
Sportnet.az-ın məlumatına görə, epizodların birində 49 yaşlı mütəxəssislə 4-cü referi Səbuhi Bayramovun arasında mübahisə yaşanıb.
Təcrübəli baş məşqçi rəqib oyunçu Nicat Qurbanovun Elvin Cəfərquliyevin formasından tutub çəkdiyini söyləyib.
Qurbanov əsəbiləşərək "Korsunuz siz?" deyib. O, Bayramovla söhbət etdikdən sonra, baş hakim Rəvan Həmzəzadəyə "Çox sağ, Rəvan. Çox sağ ol" deyə səslənib.
Baş məşqçi oyundan sonra mətbuat konfransında həmin anı belə xatırlayıb: "Rəvan yox, Səbuhiyə yaxınlaşdım. Çünki rəqib Elvini iki əli ilə tutub saxladı. Həmin epizodun sonunda "Keşlə" küncdən zərbə qazandı, az qaldı ikinci qolu buraxaq. Səbuhi "Mən dedim, amma baş hakim eşitmədi" söylədi. Bəzən belə şeylər nəticəyə təsir edir. Nəyisə görməmək və səhv etmək olar. Amma bu, gözünün qabağında baş verdiyi üçün xəbərdarlıq etməli idi. Sonacan sözün üstündə durmaq lazım idi ki, mütləq cərimə zərbəsi var idi".