Almaniyanın Münxen şəhərində AVRO-2020-nin 1/4 final mərhələsinin ikinci görüşündə Belçika İtaliya ilə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, İtaliya 31-ci dəqiqədə Nikolo Barella ilə hesabı açıb.
Oyunun 44-cü dəqiqəsində Lorentso İnsinye ikinci qolu vurub. 45+1-ci dəqiqədə isə Romelu Lukaku 11 metrlik zərbə ilə fərqi birə endirib.
İlk hissədə vurulan qollar sayəsində İtaliya meydandan qalib ayrılıb. Bununla da İtaliya yarımfinalda Londonda İspaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya stadionunda Çexiya-Danimarka matçı keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
----------------------------------------------------
Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk oyunu İspaniya və İsveçrə komandaları arasında baş tutub.
Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçirilmiş qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.
3 qat Avropa çempionu 8-ci dəqiqədə Denis Zakarianın öz qapısına vurduğu qolla hesabı açıb. İlk hissə ispanların minimal hesablı qələbəsi ilə bitib. 68-ci dəqiqədə Cerdan Şakiri bərabərlik qolunu vurub. 77-ci dəqiqədə İsveçrə yığmasından Remo Froyler Jerar Morenoya qarşı kobudluq edib və qırmızı vərəqə alaraq meydandan qovulub.
Əlavə vaxtın hər iki hissəsində qapılara qol vurulmayıb. İspaniya penaltilər seriyasında daha dəqiq oynayıb - 3:1.
Komanda yarımfinalda Belçika - İtaliya cütünün qalibi ilə görüşəcək. Bu görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, 1/4 finalın digər oyunlarında Çexiya Danimarkanı, Ukrayna isə İngiltərəni sınağı çəkəcək. İlk oyun Bakı Olimpiya Stadionunda, ikinci qarşılaşma isə İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək.
----------------------------------------------
Bu gün futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda İsveçrə və İspaniya yığmaları arasında olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşü ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. 1/8 finalda isveçrəlilər son dünya çempionu Fransanı, İspaniya isə həmin mundialın gümüş mükafatçısı Xorvatiyanı mübarizədən kənarlaşdırıb.
Günün digər oyununda isə turnirin favoritlərindən Belçika və İtaliya kollektivləri üz-üzə gələcəklər. Almaniyanın Münhen şəhərindəki eyniadlı stadionda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq. İtaliya millisi əvvəlki raundda Avstriyanı üstələyib. Belçika seçməsi isə son Avropa çempionu Portuqaliyadan güclü olub.
Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.
Avropa çempionatı
1/4 final
20:00. İsveçrə - İspaniya - 1:1 (pen: 1:3)
Qol: Cerdan Şakiri, 68 - Jordi Alba, 8
Qırmızı vərəqə: Remo Froyler, 77
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"
23:00. Belçika - İtaliya 1:2
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, "Münhen Futbol Arenası"
Qeyd edək ki, 1/4 finalın digər oyunlarında Çexiya Danimarkanı, Ukrayna isə İngiltərəni sınağı çəkəcək. İlk oyun Bakı Olimpiya Stadionunda, ikinci qarşılaşma isə İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək.