Futbol üzrə Avropa çempionatında final oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, həlledici qarşılaşmada İngiltərə və İtaliya yığmaları üz-üzə gəlib. Londondakı "Uembli" stadionunda təşkil olunmuş qarşılaşmanı 67 173 nəfər izləyib.
Hesab isə erkən açılıb. 1 dəqiqə 57-ci saniyədə Lük Şou İngiltərə millisini hesabda önə çıxarmaqla yanaşı, Avropa çempionatları tarixinin ən erkən qoluna imza atıb. Bu, meydan sahiblərinin ilk yarı ərzində yeganə təhlükəli epizodu olub.
İtaliya yığması isə bərabərlik qolunu vurmaq üçün hücuma atılıb və istəyinə 67-ci dəqiqədə çatıb. Leonardo Bonuççi rəqib qapısı qarşısındakı qarışıqlıqdan sonra topu tora göndərib - 1:1. Beləliklə, "Yuventus"un müdafiəçisi Avropa çempionatlarının finalları tarixində qol vuran ən yaşlı oyunçu olub. O, 34 yaş 71 günündə fərqlənib.
Digər tərəfdən, İtaliya millisi 13-cü qola imza atmaqla, nəhəng turnirlərdə şəxsi rekordunu yeniləyib. Daha əvvəl 1934, 1982 və 2006-cı il dünya çempionatlarında "Skuadra Adzurra" 12 dəfə fərqlənmişdi.
Görüşün əsas vaxtı elə bu hesabla başa çatıb. Bu, 90 dəqiqə ərzində taleyi həll olunmayan 7-ci final qarşılaşması olub. 1960, 1976, 1996, 2000 və 2016-cı il Avropa çempionatlarında qalib əlavə vaxtda müəyyənləşib. AVRO-1968-də də eyni hal baş verib. Amma reqlamentə əsasən, iki gün sonra yenidən həlledici qarşılaşma keçirilib.
AVRO-2020-də isə əlavə vaxtda da qalib müəyyənləşməyib və nəticədə tarixdə ilk dəfə Avropa çempionu penaltilər seriyasında müəyyənləşib. Bu zaman Roberto Mançininin baş məşqçi olduğu kollektiv daha dəqiq olaraq, qalib gəlib - 3:2. Beləliklə, İtaliya millisi tarixində dördüncü dəfə yüksəldiyi qitə çempionatının final oyununu qələbə ilə başa vurub və ikiqat Avropa çempionu olub. Daha əvvəl "Skuadra Adzurra" AVRO-1968-in qalibi olub.
Avropa çempionatı
Final
11 iyun
23:00. İtaliya - İngiltərə - 1:1 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 3:2)
Qollar: Leonardo Bonuççi, 67 - Lük Şou, 2
Penaltilər seriyası
Domeniko Berardi (1:0)
Harri Keyn (1:1)
Andrea Belotti (1:1)
Harri Maquayr (1:2)
Leonardo Bonuççi (2:2)
Markus Reşford (2:2)
Federiko Bernardeski (3:2)
Ceydon Sanço (3:2)
Jorjinyo (3:2)
Bukayo Saka (3:2)
Baş hakim: Byörn Kuypers (Niderland)
London, "Uembli" stadionu
------------------------------
Bu gün futbol üzrə Avropa çempionatına yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, turnirin final oyununda İtaliya və İngiltərə yığmaları üz-üzə gələcəklər. Londondakı "Uembli" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək.
Avropa çempionatında Apennin təmsilçisi 4-cü, britaniyalılar isə ilk dəfə finala vəsiqə qazanıblar. Bu oyun komandaların ümumilikdə 28-ci dueli olacaq. Əvvəlki qarşılaşmaların 10-da hazırda Roberto Mançininin, 9-da Qaret Sautgeytin rəhbərlik etdiyi yığma qələbə qazanlb. Doqquz oyunda isə qalib müəyyənləşməyib. Qolların sayında isə İngiltərənin üstünlüyü var - 33:31.
Komandalar son olaraq 2018-ci ildə "Uembli"də yoldaşlıq matçında qarşılaşıblar. Həmin oyun 1:1 hesabı ilə yekunlaşıb.
Finaladək məğlub olmayan kollektivlərdən İtaliya 12, İngiltərə isə 10 qol vurub. Əvəzində Britaniya təmsilçisi qapısında cəmi 1 top görüb. "Skuadra Adzurra"nın buraxdığı qol sayı isə 3-dür. İngilislərin heyətində ən sərrast futbolçu 4 qol vuran Harri Keyndir. Onu 3 qolla Rahim Sterlinq izləyir. İtaliyalılarda isə Federiko Kyeza, Çiro İmmobile, Lorentso İnsinye, Manuel Lokatelli və Matteo Pessina hərəyə 2 dəfə fərqləniblər.
33 oyundur uduzmayan İtaliya millisi sonuncu dəfə 2018-ci ilin sentyabrında UEFA Millətlər Liqasında Portuqaliyaya məğlub olub - 0:1.
Avropa çempionatı
Final
11 iyun
23:00. İtaliya - İngiltərə - 1:1 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 3:2)
Qollar: Leonardo Bonuççi, 67 - Lük Şou, 2
Penaltilər seriyası
Domeniko Berardi (1:0)
Harri Keyn (1:1)
Andrea Belotti (1:1)
Harri Maquayr (1:2)
Leonardo Bonuççi (2:2)
Markus Reşford (2:2)
Federiko Bernardeski (3:2)
Ceydon Sanço (3:2)
Jorjinyo (3:2)
Bukaya Saka (3:2)
Baş hakim: Byörn Kuypers (Niderland)
London, "Uembli" stadionu