
“Neftçi” UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, “Bakcell Arena”da keçirilən görüş Tbilisidə olduğu kimi flaqmanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmadan öncə stadionda Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında "Xudayar təsnifi" səsləndirilib. Qitənin ən nüfuzlu klub turnirində yubiley – 20-ci oyununa çıxan meydan sahibləri matça fəal başlayıblar. Paytaxt təmsilçisi 24-cü dəqiqədə qola yaxın olsa da, Yusuf Lavalın sol cinahdan ötürməsinə Sezar Meza Kolli toxuna bilməyib. Qonaqların buna cavabı daha təhlükəli alınıb. Cinah ötürülən topu Giorgi Qabedava başla qapıya göndərsə də, Aqil Məmmədov rəqib hücumçunun fərqlənməsinə imkan verməyib. 44-cü dəqiqədə Qabedava növbəti dəfə diqqət mərkəzinə düşüb. Bu dəfə onun zərbəsində azacıq dəqiqlik çatmayıb. 44-cü dəqiqədə "Neftçi" azarkeşləri 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsinə əsgər salamı veriblər. Birinci hissə qolsuz bərabərliklə yekunlaşıb.
İkinci yarının startında “Neftçi”nin heyətində Mamadu Mboc kobud səhvə yol verib. Amma Gürcüstan təmsilçisi bu “hədiyyə”dən istifadə edə bilməyib. Buna baxmayaraq, 51-ci dəqiqədə “Dinamo” Milan Radinin qolu ilə hesabı açıb. Lakin qonaqların sevinci cəmi 7 dəqiqə çəkib. Cərimə meydançasında Meza Kolliyə qarşı kobudluqdan sonra təyin olunmuş penaltini kapitan Emin Mahmudov dəqiq yerinə yetirib. Hesabı bərabərləşdirdikdən sonra hücuma daha inamla atılan “ağ-qaralar” 68-ci dəqiqədə 2-ci topu vurublar. İlk oyunda rəqib qapısına yol tapan Namik Ələskərov cavab matçında da adını tabloya yazdırıb. Oyunun sonlarına doğru “Dinamo” hesabı bərabərləşdirsə də, yan xətt hakimi ofsayd qeydə alıb. Görüşün əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane topu boş qapıdan çıxarıb.
Beləliklə, evdə əzmkar qələbə qazanan “Neftçi” II təsnifat mərhələsinə yüksəlib. Komandanın növbəti raunddakı rəqibi Yunanıstan “Olimpiakos”u olacaq. İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək. “Dinamo” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.
-----------------------------------
"Neftçi" bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, flaqman Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə qarşılaşacaq. "Bakcell Arena"da keçiriləcək görüş saat 21:00-da start götürəcək. Matçı Moldova Futbol Federasiyasından Dumitri Muntean idarə edəcək.
Təqribən 2 illik fasilədən sonra Azərbaycan klubunun avrokubok qarşılaşmasında azarkeşlər də iştirak edəcəklər. "Neftçi"nin oyununa stadionun ümumi tutumunun 50 faizi qədər fanat buraxılacaq.
Komandalar arasında Tbilsidəki ilk qarşılaşma "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu mənada Bakı təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də kifayət edəcək. Səfər qolu qaydası ləğv edildiyindən, iki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alınarsa, komandalar əlavə 30 dəqiqə mübarizə aparacaqlar. Ehtiyac olarsa, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə oluna bilər.
Bu, "Neftçi"nin Çempionlar Liqasında yubiley - 20-ci matçı olacaq. Flaqman bunadək keçirdiyi 19 görüşün 6-da qələbə qazanıb, 5-də heç-heçə edib. 8 qarşılaşma isə paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. Qitənin ən nüfuzlu klub turnirində 16 qol vuran "Neftçi" qapısında 33 top görüb.
UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
21:00. "Neftçi" - "Dinamo" Tbilisi (Gürcüstan) - 2:1
Qollar: Emin Mahmudov, 58 (penalti), Namik Ələskərov, 68 - Milan Radin, 51
İlk oyun - 2:1
Hakimlər: Dumitri Muntean, Vlad Lifçu, Vadim Vikol, Qabriel Tupiçika (Moldova)
Bakı, "Bakcell Arena" stadionu
Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"una rəqib olacaq.