"Rəqib evdəki matçdan fərqli, ilk hissədə bir qədər üstün oynadı və yaxşı müdafiə olundu. İkinci yarıda bəzi dəyişikliklərlə boşluqları doldurduq".
Sprotnet.az-ın məlumatına görə, bunu Finlandiyanın HİK (Helsinki) komandasının baş məşqçisi Toni Koskela evdə "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis ilk hissədə sürətin aşağı olduğunu bildirib: "Ön xətt oyunçuları arxaya daha çox gəlir, müdafiəçilərə kömək edirdilər. Buna baxmayaraq, meydanın mərkəzində təşəbbüsü ələ almağa və topla daha çox oynamağa çalışırdıq".
Baş məşqçi pley-offdakı rəqibləri olan Türkiyə "Fənərbağça"sından da söz açıb: "Düşünürəm ki, futbolçularıma Mesut Özilin videolarını göstərmək lazım deyil. Onu yaxşı tanıyan oyunçularımız var. Elə vəziyyətdəyik ki, itiriləsi heç nəyimiz yoxdur. İdmanın ən gözəl cəhətlərindən biri də öz bacarığını sınamaqdır".