
Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Sabah"ı qəbul edib.
"Kapital Bank Arena"da keçirilmiş qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 32-ci dəqiqədə Azərbaycan millisinin hücumçusu Əli Qurbani hesabı açıb. 78-ci dəqiqədə isə Tellur Mütəllimov fərqlənib.
İki turdan sonra maksimum nəticə göstərən "Sumqayıt" xallarının sayını 6-a çatdırıb və liderliyini qoruyub. Hər iki görüşdə məğlub olan "Sabah" 7-8-ci yerləri bölüşdürür.
Qeyd edək ki, günün ilk oyununda "Qəbələ" evdə "Keşlə"ni 2:1 hesabı ilə üstələyib. Tura avqustun 22-də keçiriləcək "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" matçları ilə yekun vurulacaq.
----------------------------------------------------
Azərbaycan Premyer Liqasında II tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Qəbələ" komandası "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüş kifayət qədər maraqlı alınıb. Matç ümumilikdə yerli komandanın üstünlüyü şəraitində keçib.
Artıq 11-ci dəqiqədə "Qəbələ"nin toqolu yarımmüdafiəçisi Yaovi Akakpo cinah ötürməsini gözəl zərbə ilə tamamlayıb. 30-cu dəqiqədə meydan sahibləri növbəti qolunu vurub. Bu dəfə Rafael Utziq çoxgedişli kombinasiyanı məntiqi sonluğa çatdırıb.
"Keşlə" təsəlli qolunu 76-cı dəqiqədə vurub. Anatole Abanq uzaqdan gözəl zərbə ilə fərqlənib və qolunu oyunu stadiondan canlı izləyən azərbaycanlı həyat yoldaşı Adelya Hacıyevaya həsr edib.
Oyunun uzatma dəqiqələrində qonaq komandanın müdafiəçisi Şəhriyar Əliyev referi ilə mübahisə etdiyi üçün qırmızı vərəqə alaraq, meydandan qovulub.
Beləliklə, "Qəbələ" mövsümdə ilk qələbəsini qazanaraq, xallarını 4-ə çatdırıb və liderliyə yüksəlib. Ardıcıl ikinci məğlubiyyətlə üzləşən "Keşlə" isə sonuncu pillədə qalıb. Paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov bu dəfə keçmiş komandası ilə qarşılaşmada məyus olub.
Qeyd edək ki, günün digər oyunu saat 20:00-da başlanacaq. "Kapital Bank Arena"da "Sumqayıt" xalı olmayan daha bir komanda "Sabah"ı qəbul edəcək. Tura avqustun 22-də keçiriləcək "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" görüşləri ilə yekun vurulacaq.
-------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Keşlə" arasında baş tutacaq. Rəşad Əhmədovun idarə edəcəyi görüş saat 18:00-da başlayacaq. İlk turdan sonra əyalət təmsilçisi 1 xalla 3 - 6-cı yerləri bölüşdürür. Xalı olmayan paytaxt klubu isə sonuncudur. İndiyədək ölkə çempionatında 51 dəfə üz-üzə gələn kollektivlərin duelində meydan sahibləri 14, qonaqlar isə 19 qələbə qazanıb. 18 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqi də bakılıların xeyrinədir - 68-51. “Qəbələ” son üç matçda qol vurub. Rəqiblərin son dörd oyununda qonaq komanda qələbə qazanmayıb.
Günün son görüşündə isə lider "Sumqayıt" evdə "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək. Oyunun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Qarşılaşma saat 20:00-da start götürəcək. İlk turda inamlı qələbə qazanan "gənclik şəhəri" təmsilçisi zirvədə qərarlaşıb. Xalsız "Sabah" isə "Keşlə" ilə birlikdə 7-8-ci yerləri bölüşdürür. Bunadək keçirilən 11 oyunun 5-də meydan sahibləri, 4-də isə qonaqlar 3 xala sevinib. 2 görüş heç-heçə başa çatıb. "Sumqayıt"ın vurduğu 15 qola "Sabah" 12 topla cavab verib. Üç matçdır uduzmayan paytaxt təmsilçisi son altı qarşılaşmada qol vurub. “Sumqayıt” son üç ev oyununda 2 qol buraxaraq məğlub olub.
Azərbaycan Premyer Liqası
II tur
18:00. “Qəbələ” – “Keşlə” - 2:1
Qollar: Yaovi Akakpo, 11. Rafael Utziq, 30 - Anatole Abanq, 76
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu
20:00. “Sumqayıt” –“Sabah” - 2:0
Qol: Əli Qurbani, 32. Tellur Mütəllimov, 78
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”
Qeyd edək ki, tura avqustun 22-də keçiriləcək "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" matçları ilə yekun vurulacaq.