"Mahir Emreli Norveçin "Budyo Qlimt" komandasına qarşı Çempionlar Liqası oyunundan öncə də mənimlə mətbuat konfransında idi. O, bizim maskotumuzdur".
Sportnet.az-ın məlumatına görə, bunu Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç evdə Çexiyanın "Slaviya" (Praqa) komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisinin hücumçusu ilk dəqiqələrdən meydanda ola bilər: "O, bunun üçün hər şeyi edir və deyərdim ki, şansı yüksəkdir. Lakin hazırda start heyəti ilə bağlı 2 şübhəli məqam var. Birincisi, müdafiənin mərkəzində və cinahlarında oynaya bilən Artur Yendjeyçikin heyətə daxil edilməsidir. Digər sual işarəsi isə Bartoş Slişlə əlaqədardır. O oynamasa, meydana kim çıxmalıdır? Bütün suallara oyun günü aydınlıq gələcək".
Qeyd edək ki, bu gün oynanılacaq "Legiya" - "Slaviya" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.