
"Fərqli iki hissə izlədik. Oyuna yaxşı başlamadıq və qapımızda qollar gördük. Fasilədən əvvəl fərqi azaltdıq və ikinci yarıya müəyyən əvəzetmələrlə girdik. Düşünürəm ki, ikinci 45 dəqiqədə yaxşı oynadıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev "Zirə"yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra mətbuat konfrasında deyib.
41 yaşlı mütəxəssis 21 yaşlı Elmir Tağıyevin ilk dəfə meydana çıxdığını xatırladıb: "Bu, bizi sevindirir. Zədədən qayıdan oyunçularımız var idi. İki oyundur ki, məğlub oluruq, amma bunu faciəyə çevirmək istəmirəm. “Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm".
Hacıyev rəqibin daha yaxşı oynadığı üçün 3 xal qazandığını etiraf edib: "Ancaq ikinci hissədə komandamızın oyunundan razı qaldım. Oyunu gücləndirmək üçün futbolçumuz yox idi. İkinci hücumçunu meydana buraxmaq istəyirəm, amma kimi buraxım?"