"Bugünkü tədbirin mənasını, dəyərini və əsas niyyətini sizə bildirmək istəyirəm. Müasir dünya koronavirusa aktiv fazadadır. O cümlədən pandemiyanın nəticələri futbol sektoru üçün çətinlik yaradıb".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev "Old Spice" brendi ilə imzaladıqları tərəfdaşlıq müqaviləsi barədə danışarkən deyib.
O bildirib ki, pandemiya üzündən bir sıra klublar maliyyə çətinlikləri ilə üzləşib: "Pandemiya futboldan da yan keçməyib. Bizim klubumuz bir çox şirkətlərlə aktiv işləyir. Çox sevindirici haldır ki, bu gün "Neftçi" ailəsinə yeni sponsor daxil olur. Bu brendi tanıtdırmağa ehtiyac yoxdur. Hamının evində bu şirkətin məhsullarına rast gəlinir. Şəxsən özüm "Old Spice"dən istifadə edirəm. Bizim komanda üzvləri də bundan istifadə edəcək. "Neftçi" böyük ailədir. Gələcəkdə bizim əməkdaşlığımızın daha möhkəm olacağını arzu edirəm".
Klub prezidenti gələcəkdə daha çox tərəfdaşım əməkdaşlığa cəlb olunacağını diqqətə çatdırıb: "Dünya iqtisadiyyatı koronavirusla mübarizə aparır. İnanıram ki, bizə daha çox reklam şirkləri əməkdaşlıq üçün aktiv olacaq. Danışıqlar var. Maraq dayanmayacaq. Gələcəkdə daha çox partnyor əməkdaşlığa cəlb olunacaq".
"P&G CCAR"ın baş direktoru Değer Kurtaslanoğlu isə tarixi və məşhur klubla əməkdaşlıq etmələrinin önəminə diqqət çəkib: "23 ildən çoxdur ki, Azərbaycandayıq. Demək olar ki, hər evdə məhsullarımız var. Futbola dəstək vermək istəyirəm. "Neftçi" tarixi komandadır, böyük azarkeş toplusu var. "Old Spice" reklamlarında futbolçuların yer almasını istəyirik. Məşhur futbol klubu ilə əməkdaşlıq etmək bizim üçün çox önəmldiir".