"Namizədliyim "Sumqayıt" klubu tərəfindən Peşəkar Futbol Liqasına (PFL) göndərilib. PFL-də AFFA-ya təqdim edib. Yəni bu məsələdən xəbərim var". Sportnet.az-ın məlumatına görə, bunu AFFA Məşqçilər Komitəsinin (MK) sədri Vaqif Sadıqov deyib.
V.Sadıqov AFFA İcraiyyə Komitəsində Ələkbər Məmmədovun vəfatı ilə əlaqədar boşalan üzv yerinə namizədliyinin irəli sürülməsində "Sumqayıt"ın rolu olduğunu bildirib: "Sumqayıt"la mənim bağlılığım çoxdur. Görürük ki, bu bağlılığı yaddan çıxartmayıblar. Azərbaycan futbolundakı xidmətlərimi nəzərə alıb, belə bir məsləhət görüblər".
PFL-in üzvü kimi namizədliyi təqdim olunan komitə sədri seçkinin nəticəsindən asılı olmayaraq Məşqçilər Komitəsindəki işinə davam etmək istədiyini vurğulayıb. O, harada çalışmağından asılı olmayaraq məşqçi olduqlarını xatırladıb və öz tövsiyyələri ilə Azərbaycan futbolunun inkişafına dəstək verməli olduqlarını söyləyib: "Martın 6-da keçirilən konfransdan sonra üzvlüyüm qəbul olunsa, komitədəki işimi davam etdirmək istəyərdim. Düşünürəm ki, MK-nın digər üzvləri namizədliyimi yaxşı qəbul edirlər. Bu məsələni onların hər birindən ayrılıqda soruşsanız daha yaxşı olar. Hər bir iş məsuliyyət tələb edir. Mən məsuliyyətli insanam. Digər işlərdə olduğum kimi bu işdə də məsuliyyətli olacam. Ən vacibi odur ki, biz futbolumuz üçün əlimizdən gələni etməyə hazır olmalıyıq".
Fevralın 17-də 50 yaşını qeyd edən Nazim Süleymanovun hazırda işsiz qalmasından söz açan V.Sadıqov onunla bağlı planlarının olduğunu deyib. Lakin o, bu planları açıqlamaq istəməyib: "Onunla bağlı fikirlərimiz çox ciddidir. Nazim müəllim dəbizdən biridir, məşqçidir və futboldan kənarda qalmamalıdır. Mütəmadi olaraq onunla danışıram. İnanıram ki, istədiyimizə nail olacağıq".
Vaqif Sadıqov Məşqçilər Komitəsindən ayrılmaq lazım gələrsə, onu postda layiqincə əvəz edəcək insanların olduğunu da bildirib: "Əvəzolunmaz insan yoxdur. Komitənin hər bir üzvü buna layiqdir. Əvvəl gündən danışmışdıq ki, bizim aramızda vəzifə bölgüsü olmayacaq. Layiq olan əvəzedəcək və işi də peşəkarcasına davam etdirəcək". (Report.az)