"Öz meydanımızda məğlub olmaq istəməzdik. Çox bəsit qollar buraxdıq. Rəqibi analiz etmişdik. Təhlükəli hücumçularının olduğunu bilirdik. Qapımızda bizə yaraşmayan qollar gördük".
Spotrnet.az-ın məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Qəbələ"yə evdə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis ikinci hissədə rəqib 10 nəfərlə qaldıqdan sonra qol şanslarından yararlana bilmədiklərini söyləyib: "Bu görüşü analiz edib, "Zirə" ilə matça hazır olmalıyıq".
Qurbanov qapıçı Stanislav Namaşkonun aşağı səviyyədə çıxış etdiyini söyləyib: "Aşağı səviyyədə oynadı. 3-cü qolu buraxacağını, elə səhv edəcəyini gözləmirdik. Hər şey ola bilər. Bütün mövqelərdə rəqabət olmasını istəyərik. Gərək qapıçı özünü toparlasın. Kamal Bayramov təcrübəli qolkiperdir. Növbəti görüşlərdə onu meydanda görə bilərik".