
Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son matçında "Qarabağ" "Səbail"in qonağı olub. "ASCO Arena"dakı oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab 32-ci dəqiqədə açılıb. Nikolas Raysel "dənizçilər"i önə keçirib. 10 dəqiqə sonra Mirsayib Abbasov fərqi 2 topa çatdırıb. 65-ci dəqiqədə qonaqların braziliyalı yarımmüdafiəçi Kadi Borges topu künc nöqtəsindən birbaşa qapıya göndərməklə baxımlı qola imza atıb. Matçda son nöqtəni isə Turan Manafov qoyub. O, əsas vaxa əlavə olunmuş 1-ci dəqiqədə cərimə zərbəsindən əla qolla yekun hesabı müəyyənləşdirib. Bununla da "köhlən atlar"ın 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.
Bu nəticədən sonra "Qarabağ" 17 xalla liderliyini qoruyub. Xallarını 9-a çatdıran "Səbail" isə 5-ci pilləyə yüksəlib.
Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Sumqayıt"a 3:0, "Qəbələ" səfərdə "Keşlə"yə 3:2 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan matçda isə "Neftçi" "Zirə"ni məğlub edib - 2:1.
-------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, sonuncu oyun günündə "Qarabağ" "Səbail"in qonağı olacaq.
"ASCO Arena"dakı qarşılaşma saat 19:00-da start götürəcək. Görüşü Rauf Allahverdiyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Qonaqlar 17 xalla liderdir, meydan sahibləri 6 xalla 7-ci sıradadır. Komandalar indiyədək Premyer Liqada 16 dəfə üz-üzə gəliblər. Bunların 13-də Ağdam təmsilçisi meydanı üç xalla tərk edib. İki görüşdə heç-heçə qeydə alınıb, bir matçda isə "dənizçilər" texniki qələbəyə sevinib. Topların fərqində də "köhlən-atlar"ın aşkar üstünlüyü var - 29:3. “Qarabağ” texniki nəticə nəzərə alınmasa, hər oyunda qol vurub və rəqibinə uduzmayıb. Meydan sahibləri ağdamlılara qarşı son iki ev matçında heç-heçə oynayıb.
Azərbaycan Premyer Liqası, VIII tur
19:00. “Səbail” – “Qarabağ” - 3:1
Qollar: Nikolas Raysel, 32, Mirsayib Abbasov, 42, Turan Manafov, 90+1 - Kadi Borges, 65
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”
Qeyd edək ki, VIII turun digər görüşlərində "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ" səfərdə "Keşlə"ni 3:2 hesabı ilə üstələyib.