
“Araz-Naxçıvan”ın futzalçısı Xətai Bağırov UEFA Çempionlar Liqasının əsas mərhələsində Rumıniyanın “Yunayted Qalati” komandasını 5:3 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı hücumçu azfutzal.az-a açıqlamasında görüşün maraqlı keçdiyini bildirib. O, vacib qələbə qazandıqlarını söyləyib: "Matça yaxşı başladıq, ardıcıl qollar vurduq. Bundan sonra sanki bir qədər arxayınlaşdıq. Daha doğrusu, tələsirdik. Halbuki sakit oynamalı, rəqibin boşluqlarından istifadə etməli olduğumuz vəziyyətdə özümüz boşluqlar verdik. Nəticədə hesab bərabərləşdi. Sanki bundan sonra ayıldıq. Fasiləyə üstün yollanmağımız isə xeyrimizə oldu. Oyunun sonlarına yaxın rəqib əsasən 5 meydan oyunçusu ilə mübarizə apardı. Buna görə də çox qaçmalı olduq. Vacib olan qələbə qazanmaq idi, bunun öhdəsindən gəldik".
Bağırov "Araz-Naxçıvan"ın qrupdan çıxma şanslara son turda aydınlıq gələcəyini əlavə edib.
Qeyd edək ki, qrupda II turun digər oyununda Ukrayna "Uraqan"ı Kosovo "Liqeni"sini yenib - 7:1. Hazırda "Uraqan"ın 6, "Araz-Naxçıvan" və "Liqeni"nin hərəyə 3 xalı var. "Yunayted Qalati" isə xalsızdır. Son turda Azərbaycan təmsilçisi "Liqeni" ilə, "Uraqan" isə "Yunayted Qalati" ilə qarşılaşacaq.