
“Dünənki oyunda etdiyimiz səhvləri bu gün səhər videobaxış zamanı oyunçularıma göstərdim. Təbii ki, həmin səhvləri təkrarlamamağa çalışdıq".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva evdə Ukraynaya 1:5 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra azfutzal.az-a açıqlamasında deyib.
Braziliyalı mütəxəssis bildirib ki, bunun nəticəsində birinci hissədə dünənki oyunla müqayisədə daha yaxşı oynayıblar. İkinci hissədə isə güc tükənib: "Sanki beyin verilən tapşırıqları artıq icra edə bilmirdi. Nəticədə səhvlər çoxaldı, adiləşdi, oyunçular daha çox fərdi oyuna üstünlük verdilər. Halbuki biz tapşırıqları kollektiv şəkildə yerinə yetirməli idik. Səhvlər çoxaldıqca, rəqib də bundan maksimum istifadə etdi. Bu da oyun intizamının pozulmasına gətirib çıxardı”.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Ukraynaya 0:4 hesabı ilə yenilib.