"Qarabağ" mövsümün ikinci yarısının hazırlıqlarına başlayıb.
Klubun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadənin Sportnet.az-a verdiyi məlumata görə, 2022-ci ilin ilk məşqində komandanın bir neçə aparıcı futbolçusu iştirak etməyib.
Qapıçılar Şahruddin Məhəmmədəliyevlə Emil Balayev zədəli, legionerlər Kadi Borges, Abdullah Zubir və Filip Ozobiç icazəli olduqları üçün hazırlıq prosesinə qatılmayıblar. Əcnəbi oyunçular Bakıya bu gecə çatacaqlar.
Afrika Millətlər Kubokunun qrup mərhələsinin oyunları üçün Kabo-Verde yığmasının düşərgəsində olan Patrik Andradenin toplanışa qoşulması isə milli komandanın nəticələrindən asılı olacaq.
"Qarabağ"ın yeni transferi Rüstəm Əhmədzadə isə Bakıya sabah gələcək.
Qeyd edək ki, "Qarabağ" təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. "Köhlən atlar" 2 həftəlik hazırlıq dövründə 5 yoxlama matçı keçirəcək.