Fransalı futbolçu Romen Bask "Neftçi"dən ayrılmasının səbəbini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar"ı ölkəsinin "Şatoru" klubuna dəyişən 27 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında Bakı təmsilçisini ailə vəziyyəti ilə əlaqədar tərk etdiyini bildirib.
Təcrübəli oyunçu Azərbaycanda özünü yalnız hiss etdiyini və kiçik qızı üçün çox darıxdığını söyləyib: "Həqiqətən legioner həyatı yaşamaq istəyirdim. "Neftçi"də çox gözəl anlar yaşadım, əla atmosferdə böyük matçlar keçirdim. Komandadan hər şey pis getdiyi üçün ayrılmadım. Yeganə səbəb, ölkə xaricində tək olmağım idi".
Qeyd edək ki, Romen Bask "Neftçi"yə cari mövsümün əvvəlində ölkəsinin "Havr" klubundan keçmişdi. Paytaxt təmsilçisinin heyətində 12 oyun keçirən fransalı oyunçu "Şatoru" ilə 3 illik müqavilə imzalayıb.