
"İspaniya qrupun və ümumilikdə turnirin əsas favoritidir".
Sportnet.az-ın məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqiblərindən olan Bosniya və Herseqovina yığmasının məşqçisi Niyaz Mulahmetoviç yerli mətbuata açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, qrupdan çıxmaq şanslarını digər komandalarla görüşlərdə axtarmalıdırlar: "Çətin olacaq, çünki həm Gürcüstan, həm də Azərbaycan braziliyalı legionerlərin oynadığı keyfiyyətli kollektivdir. Amma bizim də şansımız var. Qorxduğumuz yeganə amil koronavirusla bağlıdır. İnanıram ki, problemlərimiz olmayacaq".
Qeyd edək ki, 19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.