Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları “Sabah” – “Neftçi” oyunundakı qalmaqalla əlamətdar olub.
Sportnet.az-ın məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Murad Musayev matçın “qəhrəmanları”ndan birinə çevrilib.
Komandasının 1:0 hesablı üstünlüyü buraxılan üç qolla əldən verməsi rusiyalı mütəxəssisi uğursuzluğu ört-basdır etməyə vadar edib. Komandaya intizam aşılaya bilməməsi, nəticə əldə olunmamasını sığortalamaq üçün meydana daxil olan çalışdırıcı əvvəl sarı, sonra qırmızı vərəqə alıb.
Musayev bu hərəkəti ilə təkcə məşqçilikdə deyil, həm də intizamsızlıqda mütəxəssis olduğunu bir daha təsdiqləyib. Bu, onun “Sabah”da ilk hoqqası olsa da, çalışdırıcının dünəni belə hərəkətlərlə zəngindir. Rusiyalı “Krasnodar”ın baş məşqçisi olduğu vaxt məhz işi ilə deyil, intizamsız davranışı ilə ad çıxarıb.
Sonrakı peşmançılıq
Uzağa getməyib təkcə ötən mövsümə baxmaqla Musayevin necə intizamsız olduğunu görmək olar. 2020/21 mövsümündə “Krasnodar”ın çalışdırıcısı dəfələrlə cəza alıb. Mövsümün əvvəlində “Rostov”la Cənub derbisi 1:1 hesabı ilə başa çatandan sonra baş hakimə yaxınlaşan baş məşqçi ironik şəkildə əl çalaraq onu alqışlayıb. Bu üzdən qırmızı vərəqə alan Musayev İntizam Komitəsinin yığıncağında üzr istəsə də, 1 matçlıq diskvalifikasiya olunub.
Söyüşdən də çəkinməyən Musayev
Amma bu cəza Musayevə nəinki dərs olub, hətta ona qarşı yumşaq davranış daha sərt intizamsızlıqla nəticələnib. Cəmi bir neçə ay keçmiş “Ximki” ilə görüşdən (0:1) sonra baş məşqçi növbəti qırmızı vərəqəsini alıb. Bu dəfə Musayev hakimə qarşı nalayiq ifadələr, bir sözlə söyüşə görə bir matçlıq diskvalifikasiya olunub.
Sınaq müddəti bir neçə gün öncə bitib
Musayev təkcə Rusiya Futbol İttifaqı deyil, UEFA tərəfindən də intizamsız kimi tanınır. O, ötən il fevralında Avropa futbol qurumundan cəza alıb. Buna “Çelsi” ilə 2020-ci ilin payızındakı qrup oyununda yaşananlar səbəb olub. Baş məşqçi komandasını meydana gec çıxardığı üçün cəzalanıb. Musayev 1 oyunluq diskvalifikasiya alıb ki, həmin cəza 1/16 finalda başa çatıb. Amma UEFA ona həm də 1 il sınaq müddəti qoyub. Bu da bir neçə gün əvvəl başa çatıb.
Baş məşqçi olmayanda da
2018-ci ilin aprel-may aylarında və 2020-ci ilin iyunundan 2021-ci ilin aprelinədək “Krasnodar”ın baş məşqçisi olan Musayev təkcə bu vəzifədə fərqlənməyib. O, klubda digər vəzifələr tutduğu vaxtda da intizamsız kimi fərqlənib. Bəlkə də bu səbəbdəndir ki, “Krasnodar”dan başqa heç bir kluba lazım olmayıb. Təbii ki, qısa tarixi boyu qənaətbəxş baş məşqçi tapmağı bacarmayan “Sabah”a qədər. 2018-ci ilin oktyabrında “Axmat”la matçda (0:1) hakimləri söyən məşqçi 2 oyunluq diskvalifikasiya edilib və yenə üzr istəməklə hər şeyi emosiyalarla bağlayıb. 2019-cu ilin yayında da Musayev UEFA-dan cəza alıb. Qurum onu müvafiq lisenziya olmadan avrokubok matçında iştiraka görə diskvalifikasiya edib.
Göründüyü kimi, baş məşqçi təcrübəsi ilə öyünə bilməyən gənc çalışdırıcısının karyerasındakı cəzalar az qala oyun sayından da çoxdur. Bunu nəzərə alsaq onun Azərbaycan karyerasında “Neftçi” ilə görüşə qədər sakit qalması hətta təəccüb doğurur. Lakin müvəqqəti təəccüb uğursuzluq gələn kimi sona çatdı. Axı uğursuzluğu nə ilə isə sığortalamaq lazım idi (apasport.az).