Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son matçında "Qarabağ" "Keşlə" klubunun qonağı olub. "ASK Arena"da keçirilən görüşdə qalib müəyyənləşməyib.
Meydan sahibləri qarşılaşma ərzində üstün oyun sərgiləsələr də, qapılara qol vurulmayıb.
İlk hissənin ortalarında Ağdam klubunun azarkeşləri Rusiya ilə müharibə şəraitində olan Ukraynanın lehinə şüarlar səsləndirib, tribunada pankart açıblar.
Hissənin sonlarında meydan sahiblərinin braziliyalı yarımmüdafiəçisi Felipe Santos zədələnərək meydanı tərk edib.
Bu nəticədən sonra xallarını 37-yə çatdıran "Qarabağ" ilk pillədəki mövqeyini qoruyub. 15 xalı olan "Keşlə" isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, turun ilk üç oyununda "Neftçi" səfərdə "Sabah"a və "Zirə" "Səbail"ə 1:0, "Qəbələ" isə "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəlib.
---------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Zirə" klubu "Səbail"in qonağı olub. "ASCO Arena"da oynanılan qarşılaşma "qartallar"ın minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Ağabala Ramazanov vurub.
Bu nəticədən sonra xallarını 31-ə çatdıran "Zirə" yenidən 3-cü pilləyə yüksəlib. 11 xalı olan "Səbail" isə sonuncu - 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək "Keşlə" - "Qarabağ" matçı ilə yekun vurulacaq. İlk oyun günündə "Neftçi" səfərdə "Sabah"a 1:0, "Qəbələ" isə "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəlib.
---------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha iki oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, ilk olaraq "Səbail" "Zirə"ni qəbul edəcək.
Meydan sahibləri 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıbsa, qonaqlar 28 xalla 3-4-cü yerləri bölüşdürür. Komandalar indiyədək Premyer Liqada 17 dəfə üz-üzə gəliblər. Bunların 10-da "qartallar", 3-də isə "dənizçilər" meydanı 3 xalla tərk edib. Topların fərqində də "Zirə"nin üstünlüyü var - 24:10. Çempionatdakı son üç görüşdə Rəşad Sadıqovun baş məşqçi olduğu komanda qalib gəlib. “Səbail” 8 matçdır rəqibini məğlub edə bilmir.
Tura "Keşlə" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq. Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" 36 xalla liderdir. Paytaxt təmsilçisi 14 xalla 6-cı yerdədir. Tərəflər indiyədək çempionatda 68 dəfə qarşılaşıblar. Əvvəlki matçlarında 32-də Ağdam klubu, 13-də meydan sahibləri qələbə qazanıb. Topların fərqində də "Qarabağ" aşkar üstünlüyə malikdir - 87:43. Bölgə klubu Premyer Liqadakı son 13 oyunda rəqibinə uduzmayıb. “Keşlə” isə son 5 matçda qol buraxıb.
28 fevral (bazar ertəsi)
Azərbaycan Premyer Liqası, XVII tur
17:00. “Səbail” – “Zirə” - 0:1
Qol: Ağabala Ramazanov, 45+2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”
19:15. “Keşlə” – “Qarabağ” - 0:0
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”
Qeyd edək ki, ilk oyun günündə "Neftçi" "Sabah"ı səfərdə 1:0, "Qəbələ" isə "Sumqayıt"ı 4:0 hesabı ilə üstələyib.