"Oyunun yalnız 20-ci dəqiqəsinədək olan bölümünü şərh edə bilərəm. Həmin dəqiqəyədək qol buraxsaq da, komandam inamlı oynayırdı. Azlıqda ötənilki çempion və bu gün ikinci yerdə gedən komandaya qarşı oynamaq çox çətin idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa evdə "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXV tur oyunundan sonra mətbuat konfransında deyib.
Belaruslu mütəxəssis bildirib ki, futbolçularını müdafiə etməlidir: "Amma azarkeşləri də başa düşmək olar. Komanda uduzanda hakimliyi və məni də günahkar görə bilərlər. Bugünkü oyunun hakimliyindən siz deyəndən sonra düşünməyə başladım. Penalti epizodu ilə bağlı iradım yoxdur. Hakimliyi normal qiymətləndirirəm".
Onun sözlərinə görə, Araz Abdullayevi meydandan çıxarması onun əzələ problemləri üzündən bir həftəyədək məşqi buraxması ilə bağlı idi: "Qırmızı vərəqədən sonra qərara aldıq ki, onu çıxaraq. Əks halda, gələcək matçlar üçün Arazı itirə bilərik. Hələ qarşıda oyunlarımız var, onu itirmək istəmirik".