"Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası martın 23-də Hollandiyaya yollanacaq. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Xaqani Məmmədovun başcılıq etdiyi kollektiv "zambaqlar ölkəsi”ndə həm hazırlıq kecəcək, həm də yerli komandalarla qüvvəsini sınamaqla təcrübə toplayacaq.
Səfərin əsas məqsədi isə "Tekstel Cup” adlanan və əsasən, Hollandiya komandalarının iştirakı ilə təşkil olunacaq ənənəvi turnirdə çıxış etməkdir. Yarış Hollandiynın şimalında yerləşən Teksten adasında keçiriləcəyindən, turnirin adı buradan götürülüb. Səkkiz komandanın mübarizə aparacağı və 2 gün davam edəcək yarışda "Qəbələ”li yeniyetmələr Hollandiyanın məşhur "Feyenoord”, "Alkmaar”, "Qroningen” klublarından olan yaşıdları ilə qarşılaşacaqlar. Turnir Hollandiyada 14 yaşlılar arasında keçirilən çempionatda yaranmış fasiləyə təsadüf etdiyindən, məqsəd də futbolçularda oyun praktikasını artırmaqdır.
Lakin "Qəbələ” futbolçuları turnirdən əvvəl Hollandiyanın ən böyük və tanınmış şəhərlərindən olan Rotterdamda bir yoldaşlıq oyunu keçirəcəklər. Xaqani Məmmədov və komandası "Feyenoord”un müvafiq yaş qrupundan olan kollektivi ilə üz-üzə gələcək. "Qəbələ” Futbol Akademiyasının hollandiyalı direktoru Stenli Brard da komanda ilə birgə səfər edəcək. Yeri gəlmişkən, Stenl Brard "Qəbələ”dən əvvəl məhz "Feyenoord” Futbol Akademiyasında çalışıb. "Qəbələ”nin U-14 komandası isə ötən ay "Bakcell Cup” kubokunun qalibi olub və hazırda müvafiq yaş qrupu üzrə ölkə birinciliyində liderdir.
Qeyd edək ki, "Qəbələ” Futbol Akademiyasının daha 3 komandasının apreldə xarici ölkələrə səfərləri gözlənilir. "Qəbələ” U-12 komandası Türkiyədə keçiriləcək "U-12 İzmir Kuboku”nda, 13 yaşlılar ənənəvi "VI Manavqat” turnirində, U-17 komandası isə İtaliyada keçiriləcək Borqaro turnirində çıxış edəcək.