"Açığı, indi istirahətdə olduğumuza görə, kimlərlə müqavilə imzalandığını, heyətə kimlərin cəlb edildiyini dəqiq bilmirəm. Amma rəhbrəliyin komandanı gücləndirmək istədiyini və hədəflərin böyüdüyünü eşitmişəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan"ın futzalçısı David Qustavo UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatması barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Braziliyalı oyunçu bildirib ki, Avropanın ən nüfuzlu klub turnirində zəif rəqib olmur: "Çünki orada ölkəsinin çempionu yarışır. İşimiz asan olmayacaq, əksinə çətin olacağını qeyd etməliyəm. Bizi gərgin mübarizə gözləyir və qarşıya qoyulan tapşırığa çatmaq üçün sona qədər döyüşəcəyik. Rəqiblərimizin bizim yeni oyunçulardan xəbərsiz olduqlarına inanıram. Məncə, yeni mövsümdə fərqli, daha güclü “Araz-Naxçıvan” görəcəksiniz. Bütün işlər, dəyişikliklər məqsədə nail olmaq üçün edilir".
Qustavo rəqibləri də dəyərləndirib: "Bosniya və Herseqovina "Mostar"ı doğma meydan amilindən də istifadə edəcək. Biz bunu ötən il “Uraqan”ın timsalında gördük. Bu baxımdan onlarla oyun çox çətin olacaq. Digər iki rəqibimizin kimliyi hələ avqustun sonunda müəyyənləşəcək. Serbiya və Gürcüstan çempionu öz qruplarında favorit olsalar da, sürprizlərdən də qaçmaq mümkün deyil. Bu cür turnirlər zamanı əsas özünün hazır olmağındır. Qarşıda vaxtımız çoxdur. Güclü futzalçılar cəlb etməklə bərabər, yaxşı hazırlıq keçəcəyik. Çünki bunun üçün əla şəraitimiz var. Komandama inanıram. Biz bunu bacaracağıq”.