"Bakı çox gözəl şəhərdir. Buranın gözəlliyi məni valeh etdi. Ümid edirəm ki, sabah Azərbaycan paytaxtından qələbə ilə ayrılacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu Avstriyanın "Rapid" klubunun baş məşqçisi Ferdinand Feldhofer UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis matçın çətin alınacağını bildirib: "Avrokubokların III təsnifat mərhələsində asan rəqib olmur. Bu komandanı çoxdan izləmişik. Ötürmələri əla edir, driblinqləri bacarırlar. Rəqibə düşünməyə imkan verməməliyik".
O, Avstriyada olarkən Bakıdakı rütubətin, saat fərqinin, istinin, səfər yorğunluğunun "Neftçi"nin işinə yarayacağını bildirmişdi. "Bakcell Arena"dakı mətbuat konfransına Bakıdakı tıxac səbəbindən gecikən "Rapid"in baş məşqçisi bunun sabahkı matça təsir etməyəcəyini vurğulayıb: "Tıxac problemi bütün ölkələrdə var. İnanmıram ki, bu, bizə sabahkı oyunda psixoloji problem yaradacaq. Ancaq nəzərə alsaq ki, hava isti keçəcək, o zaman deyə bilərəm ki, bizim üçün çətin olacaq. Çalışacağıq ki, bu problemləri oyunumuz zamanı büruzə verməyək".
Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.