UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Frayburq" komandası Almaniya Bundesliqasının X turunda "Bavariya"nın qonağı olub.
Sportnet.az-ın məlumatına görə, Münhendəki "Alyans Arena"da təşkil olunmuş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. Bununla da "Frayburq"un 11 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.
Hesabı 13-cü dəqiqədə Serj Qnabri açıb. 33-cü dəqiqədə Erik Çupo-Motinq fərqi artırıb. Leroy Sane 53-cü, Sadio Mane 56-cı, Marsel Zabitser isə 80-ci dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdiriblər.
Bu qələbədən sonra "Bavariya" xalını 19-a çatdıraraq, 2-ci pilləyə yüksəlib. 18 xala malik "Frayburq" isə 3-cü pilləyə enib. Turnir cədvəlinə 23 xalla "Union Berlin" başçılıq edir.
Qeyd edək ki, G qrupunda yer alan "Frayburq" və "Qarabağ" arasında Almaniyadakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Bakıdakı görüş noyabrın 3-də olacaq. "Frayburq" ilk 4 turdakı matçlarının hamısını qələbə ilə başa vuraraq, sona 2 tur qalmış 1/8 finala vəsiqə qazanıb.