"Bu görüş çox əhəmiyyətlidir. Belə turnirlərdə birinci matçlar hər zaman çətin keçir. Ehtiyatlı olmalı, heç bir sürprizə imkan verməməliyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Araz-Naxçıvan" klubunun futzalçısı David Qustavo İsveçdə "Orebro"ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunundan öncə Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, mümkün qələbə komandada özünəinamı artırmaq, turnirin ab-havasını hiss etmək, növbəti oyunlara motivasiya olmaq baxımından vacibdir: "Güclü oyunçularımız, yaxşı komandamız var. Baş məşqçi Joze Alesio Da Silva da meydanda nə etməli olduğumuzu bütün incəliklərinə qədər anladıb. O deyib ki, özünüzə, gücünüzə inanın. Əgər inamınız varsa, məqsədə də nail olacaqsınız. Necə oynamalı olduğumuzu, meydanda hansı işləri görəcəyimizi başa salıb. Qalır onları icra etmək".
Qustavonun sözlərinə görə, Çempionlar Liqasının oyunları yaxşı sınaq olacaq: "Fərqli ölkələrin təmsilçiləri, fərqli taktika və oyun üslubu, müxtəlif futzalçılarla qarşılaşacağıq. Hər birinin özünəməxsus tərəfi var. Biz də güclü kollektivik, qarşımıza məqsəd qoyulub və ilk matçdan həmin hədəfə çatmaq üçün mübarizə aparacağıq. Ümid edirəm ki, Bakıya istədiyimiz nəticə ilə dönəcəyik. Komanda yoldaşlarım məsuliyyətini anlayır. Hamımız bir yumruq kimi birləşmişik".
Qeyd edək ki, oktyabrın 26-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.