Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, yarımfinala son vəsiqənin sahibi Fransa millisi olub. "Xoruzlar" 1/4 finalda İngiltərə yığmasını mübarizədən kənarlaşdırıb - 2:1.
Hesabı 17-ci dəqiqədə fransızlardan Orelyen Çuameni açıb. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Harri Keyn tarazlığı bərpa edib. 78-ci dəqiqədə Olivye Jiru Fransa millisini yenidən hesabda önə keçirib. 84-cü dəqiqədə ingilislər yenə penalti vurmaq hüququ qazanıblar. Lakin topa yaxınlaşan Keyn bu dəfə hədəfdən yayınıb.
Beləliklə, Fransa yığması qələbə sayəsində finala gedən yolda Mərakeş seçməsinə rəqib olub.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları dekabrın 13-ü və 14-də keçiriləcək. Yarımfinalın digər oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər.
--------------------------------
Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, Afrika təmsilçisi 1/4 finalda Portuqaliya yığmasını minimal hesabla məğlub edib - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub.
90+3-cü dəqiqədə Mərakeşin hücumçusu Valid Kedira 2 sarı vərəqə ilə meydandan qovulub.
Afrikalıların növbəti mərhələdəki rəqibi İngiltərə - Fransa cütünün qalibi olacaq.
Qeyd edək ki, daha əvvəl Xorvatiya və Argentina yığmaları yarımfinala adlayıb.
----------------------------------
Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında Portuqaliya millisi turnirin sürpriz komandası Mərakeşi sınağa çəkəcək. “Əl Tumama” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı argentinalı FIFA referisi Fakundo Telyo idarə edəcək.
Digər oyunda İngiltərə və Fransa yığmaları üz-üzə gələcəklər. “Əl Bayt” stadionundakı görüşün baş hakimi braziliyalı Uilton Sampayo olacaq.
DÇ-2022
1/4 final mərhələsi
10 dekabr
19:00. Mərakeş - Portuqaliya - 1:0
Qol: Yussuf En-Nesiri, 42
Qırmızı vərəqə: Valid Keddira, 90+3 (Mərakeş)
Baş hakim: Fakundo Telyo (Argentina)
“Əl Tumama” stadionu
23:00. İngiltərə - Fransa - 1:2
Qollar: Harri Keyn, 54 (penalti) - Orelyen Çaumeni, 17. Olivye Jiru, 78
İstifadə edilməyən penalti: Harri Keyn, 84 (İngiltərə)
Baş hakim: Uilton Sampayo (Braziliya)
“Əl Bayt” stadionu
Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 9-da baş tutub. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.