"Hazırda vəziyyətimiz yaxşı deyil".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Neftçi"nin qapıçısı İvan Brkiç Azərbaycan Premyer Liqasının XVI turunda "Qarabağ"a 0:4, ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında "Zirə"yə 0:1 hesablı məğlubiyyətlərin komandaya təsiri barədə danışarkən deyib.
27 yaşlı qolkiper qış fasiləsinədək və ondan sonrakı dönəmdə yaxşı çıxış etmək istədiklərini bildirib: "Nəticələri birlikdə görəcəyik. Hazırda mübarizə aparıb maksimum gücümüzü ortaya qoymalıyıq".
Xorvatiyalı oyunçu kubokun cavab görüşündə mərhələ adlayacaqlarına inandığını söyləyib: "İlk qarşılaşmada uduzduq. Amma indi evdə oynayacağıq. Yarımfinala yüksəlmək üçün hər şeyi etməliyik".
Brkiç "Turan Tovuz"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XVII tur matçı ilə bağlı qısa danışıb: "Çətin oyun olacaq. Amma artıq bəhanələrə yer yoxdur".
Qapıçı "Neftçi"nin cari mövsüm stabil çıxış edə bilməməsinin əsas səbəbi nədir" sualına isə "Buna cavab vermək çətindir", - deyib.
Qeyd edək ki, dekabrın 15-də oynanılacaq "Turan Tovuz" - "Neftçi" görüşü saat 14:30-da başlayacaq.