
"Məğlub olmaq istəmirdik. Müdafiədə çox pis oynayırıq. İki korner qapımıza iki qolla nəticələndi. Bu da oyunun taleyini həll etdi. Ümumi götürəndə heç də pis oynamırdıq. Hesabı bərabərləşdirmək üçün şanslarımız var idi. Amma istifadə edə bilmədik".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqisi Mahmud Qurbanov səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XVII oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis rəqibin qələbəsini kölgə salmaq istəmədiyini, lakin meydan sahiblərinin təhlükəli qol epizodları yaratmadıqlarını bildirib: "Start heyətdə meydana çıxan oyunçularda yorğunluq var idi. Birinci hissədə bu, hiss olunurdu. Ağır kubok matçından çıxmışdıq. Heyəti dəyişmədik. Deyiləsi söz çoxdur. Futbolçulara deyiləcək. Belə müdafiə olunmaq olmaz" - deyə o bildirib.
Onun sözlərinə görə, oyundan qopmağın səbəbi yorğunluq idi: "Bu da başadüşüləndir. Ona görə də əvəzetmələr etdik. Əvəzetmələr oyunu canlandırdı. Görüşün sonunda da hesabı bərabərləşdirmək üçün yaxşı şanslar var idi. Biz nəticə üçün oynayırıq. İkinci dövrədə iki xal toplamağımızın səbəbi müdafiədə zəif oynamağımızdır".