
Misli Premyer Liqasında 2022/2023 mövsümünün son oyunu olan "Qarabağ" - "Turan Tovuz" oyunundan sonra mükafatlandırma mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, bu məqsədlə səhnəyə AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Sərxan Hacıyev və PFL prezidenti Elxan Səmədov dəvət olunub.
Onlar əvvəlcə yarışın baş sponsoru Mislini, daha sonra bürünc medalçı "Neftçi"ni və gümüş medalçı "Sabah"ı təltif ediblər.
Daha sonra meydan çempion "Qarabağ"a verilib. Klub prezidenti Tahir Gözəl də səhnəyə dəvət olunduqdan sonra klub üzvləri medallarına qovuşub. 22 qolla bombardir olan Ramil Şeydayev xüsusi mükafat əldə edib. Bu zaman T.Gözəlin onu bağrına basması diqqətdən yayınmayıb. Bu, R.Şeydayevin "Qarabağ"dan ayrılacağı ehtimallarını təsdiqləyən məqam kimi də dəyərləndirilə bilər.
Əvəzində klubun digər rəhbər şəxsləri, o cümlədən, baş məşqçi Qurban Qurbanov mükafatlandırmada iştirak etməyib.
Komandaların əksər üzvləri meydana övladları ilə çıxdıqlarından, medallar da elə uşaqlara verilib.
Tədbir "Qarabağ"ın kapitanı Maksim Medvedevə çempionluq kubokunun verilməsi və atəşfəşanlıqla bitib.