
Ötən gün millimiz Avro-2024-ün seçmə mərhələ çərçivəsində Brüsseldə Belçika yığmasının qonağı idi.
Oyundan əvvəl ənənəyə sadiq qalaraq ilk öncə qonaq komandanın dövlət himni səsləndirilməli idi. Lakin Belçika yığmasının ev oyunlarını keçirdiyi “Kinq Baudouin” stadionunda bizim himn əvəzinə, İsveçin dövlət himni səsləndirildi. Maraqlı məqam bundan ibarətdir ki, meydanda olan bəzi “azərbaycanlı” futbolçular bunun fərqinə varmadı. Söhbət çox vaxt himn səslənən zaman, sözləri bilmədikləri üçün saqqız çeynəməyi üstün tutan futbolçularımızdan gedir. Təbii ki, içlərində Mahmudov, Emreli və s. kimi oyunçularımızı vurğulamasaq düz olmaz. Məhz onlar Belçika yığmasının himni çalındıqdan sonra oyunun baş hakiminə etiraz etməyə başladılar. Ev sahibi komandanın kapitanı Romelu Lukaku da, bu məsələyə biganə yanaşmadı və himnimizin səslənməsi üçün səy göstərdi. Sonda stadionun DJ-i nəhayət Azərbaycan dövlət himnini düzgün səsləndirə bildi.
Oyun hər kəsə məlum olduğu kimi biyabırçı məğlubiyyətlə (0:5) başa çatdı. Lakin ondan da biyabırçı hadisə milli komandamızın çalışdırıcısı Canni De Byazinin, Bakıdan Brüsselə yığmamızla birgə yollanan, jurnalist həmkarlarımızı oyundan sonra keçirilən mətbuat konfransında təhqir etməsi oldu. Buna səbəb isə yerli jurnalistlərimizin italyalı mütəxəssisə haqlı olaraq tənqidi suallar verməsi olub. Türklər demiş: “Hem suçlu, hem güçlü”.
Uzun müddətdir zədə səbəbi ilə yaşıl meydanlardan kənar qalan, öz klubunda stabil oyun vaxtı əldə etməyən, kobud oyunu ilə tanınan Eddi İsrafilovun oyunun artıq 24-cü dəqiqəsində düşüncəsizlik edib, komandasını azlıqda qoymağı qalsın bir kənara, sürəti və potensialı olmayan, azarkeşlərin heçcür rəğbətini qazana bilməyən Höccət Haqverdinin 90 dəqiqə oynaması açıq-aşkar millimizin başçısı Byazi bəyin səhvi idi.
Səhvini boynuna almaqdansa, xarici media nümayəndələrinin yanında jurnalistlərimizi “axmaq” adlandıran məşqçinin bu biyabırçılıqdan sonra hələ də komandanın “sükanı arxası"nda qalması heç də real görünmür…
Vahid Abbasov