AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportnet.az xəbər verir ki, Premyer Liqanın XIX turunda keçirilən oyunlarla bağlı qərarlar verilib.
“Zirə” ilə görüşdə “Səbail”in, “Qəbələ” ilə qarşılaşmada isə “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə alıb. Bu, adıçəkilən komandaların hər birinin 700 manat cərimələnməsinə yol açıb.
“Kəpəz”lə matçda azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edilən “Turan Tovuz” 1500 manat ziyana düşüb. Qarşılaşmanın 9-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alan tovuzluların futbolçusu Faiq Hacıyevin cəzası da müəyyənləşib. O, 1 oyun şərti olmaqla 2 matçlıq cəzalandırılıb. Qərb təmsilçisi isə 1500 manat cərimələnib. Oyunçuya sınaq müddəti 3 ay təyin edilib.