Elşən MƏMMƏDOV
... 44-cü dəqiqə yenicə başlamışdı ki, azarkeşlər "Şəhidlər ölməz, Vətən bölünməz" şüarını səsləndirməyə başladı. Çox keçmədən "Qarabağ"ın qapısına qol vuruldu. Amma Portuqaliyadakı "Braqa" azarkeşlərinin sevinc sədaları "28 Mall"dakı Cinema Club"da itib batdı. Tezliklə fasilə yarandı və hamı 1:1 hesablı ilk yarının yarı-üzüntülü hissləri ilə 15 dəqiqəlik fasiləyə çıxdı.
İkinci hissədə "Qarabağ" daha 3 qol vurdu. Hər qoldan sonrakı şadyanalıq sonadək eyni məcrada davam etmədi. Bu dəfə həm Nəriman Axundzadənin qaçırdığı penalti, həm də Mateus Silvanın səbəbkar olduğu penalti müəyyən məyusluq yaratdı.
Cavab görüşü öncəsi CBC Sport-un qonağı olan Rəşad Sadıqov da "Qarabağ"ın mərhələ keçəcəyinə hər nə qədər inandığını söyləsə də, penalti ehtimalının mümkünlüyünü bildirdi. Komandanın keçmiş kapitanında bu intuisiya nədən yaranmışdı? Bəlkə də "Qarabağ"ın penaltiləri məşq etməsindən məlumatlı idi.
Düzdür, cavab görüşü penaltilərədək uzanmadı. Amma bəxş etdiyi həyəcan daha unudulmaz, daha möhtəşəm idi. Hətta məğlubiyyəti sevinc göz yaşlarına çevirdiyi qədər!
"Qarabağ" azlıqda qaldığı vaxt sanki bir ümidsizlik yaranmışdı. Rəqib iki qol vuraraq, top fərqini aradan qaldırdıqca artıq hər şeyin bitdiyini düşünmək də olardı. Belə bir vəziyyətdə ilk oyundan sonra qınanılan futbolçular məsuliyyəti öz üzərlərinə götürdülər. Əvvəlcə Mateus Silva, hər kəs penaltiyə hazırlaşdığı vaxt isə Nəriman Axundzadə fərqləndi.
Axundzadə Xankəndidə MOİK-lə Azərbaycan Kubokunun 1/8 final oyununun son anlarında da fərqlənmişdi, bu gecənin də adamı oldu.
Bu gecə 44 nömrəli futbolçu Elvin Cəfərquliyev qırmızı vərəqə aldı. 90 nömrəli futbolçu Nəriman Axundzadə isə həqiqətən də 90-cı dəqiqənin adamı olduğunu isbatladı.
Və həm də...
Bu gecə təkcə Qurban Qurbanov ağlamırdı.
Onun qucaqlayaraq, duyğusal anlar yaşadığı, bolqarıstanlı referi Georgi Kabakovun qərarına sərt etiraz edərək, qırmızı vərəqə alan Elçin Rəhmanov da sevinc göz yaşı axıdırdı.
Futbolçular da, azarkeşlər də sevinc göz yaşlarına hakim ola bilmirdilər.
Həqiqətən çox gözəl günlər yaşayırıq.
Bu sevinci Qarabağa görə yaşayırıq.
Qalib ölkənin qalib komandası "Qarabağ"a görə!