"Yaxşı oyun keçdi. Təəssüf ki, erkən qol buraxdıq. Məhz bundan sonra daha yaxşı oyun göstərməyə başladıq. Müəyyən epizodlarımız var idi, istifadə edə bilmirdik. "Sumqayıt"ın da şansları oldu, onlar əks-hücuma yaxşı keçirlər. Oyunun tempi kifayət qədər yaxşı idi. Bu mövsüm ən yaxşı oyunlarımızdan birini oynadıq. Futbolçularıma əhsən düşür, hesabı bərabərləşdirə bildilər. Qol buraxmaq təhlükəsi də var idi. Amma oyunçular sona qədər inanırdılar. Hakimlik barədə danışmağı xoşlamıram. Amma məncə, hakimlik meydandakı ən pis məqam idi. Birinci hissədə üç dəfə VAR-a müraciət edildi. "Sumqayıt"ın qapıçısı topu nə qədər saxladı, amma cəmi 1 dəqiqə əlavə olundu. İkinci hissədə isə penalti var idi, baş hakim vermədi. "Araz-Naxçıvan"la görüşdə, xatırlayırsınız da, hansı vəziyyətdə penalti verdilər. Baş hakim hər iki komandanın göstərdiyi oyunu korladı".
Sportnet.az xəbər verir ki, bu sözləri Premyer Liqanın XXIX turunun "Sumqayıt"la oyunundan (1:1) sonra "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- "Neftçi"ni klub vəziyyətinə gətirmək çətindir, yoxsa komanda?
- Bu suala cavab vermək çətindir. Komanda hazırlıq mərhələsini buraxdı. Çünki uzun müddət baş məşqçi yox idi. Heç kim bilmirdi ki, komanda necə işləyir. Oyunçular haqqında nəsə deyə bilmirəm. Müəyyən vaxt keçib, hazırlığı buraxıblar. "Neftçi" daha da yaxşı oynaya bilər. Hər şeydən bir az çatışmır.
- Rusiyada yaxşı işləmisiniz. Amma "Neftçi"də 11 çempionat oyununda 4 qələbəniz var. Nəyi dəyişməlisiniz ki, uğur qazanasınız?
- Vaxt azdır. Güclü komanda qurmaq vaxt tələb edir.
- Emin Mahmudov qol vurduqdan sonra onu dəyişdiniz. Söz-söhbətlər gəzir ki, Mahmudovla aranızda sağlam münasibət yoxdur. Bu haqda nə deyə bilərsiniz?
- Emin keçən həftə tam şəkildə məşq etmədi. Ona görə əvəzlədim. Əvəzlənəndə narazı qalması məni sevindirir. Əgər oyunçunu dəyişəndə, o sevinirsə, demək problem var. Heç bir futbolçu meydanı erkən tərk etməyi sevmir. Emin və heç bir futbolçu ilə problemim yoxdur. Onların mənimlə problemi varsa, özümə deməlidirlər.
- Azarkeşərin oyuna gəlməməsinin səbəbi "Neftçi"nin baxımlı oyun göstərməməsidir...
- Başa düşürəm ki, azarkeşlər razı deyil. Amma yeganə bacardığım, burada işləməkdir. Boş tribunalar qarşısında oynayırdıq. Sanki evdə deyildik. Azarkeşlər olsaydı, rəqibə təzyiq göstərərdi, 12-ci oyunçunu hiss edərdik. Biz "Sumqayıt"ın azarkeşlərini gördük. Çox deyildilər, amma onları eşidirdik.