"Təbii ki, pozitivəm. Şadam ki, qalib gəldik. Ardıcıl iki oyundur qazanırıq. Futbolçular anlamalıdır ki, Premyer Liqanı tərk etsək belə, peşəkar qalmalıyıq. Oyunçular hər zaman maksimumunu verməlidir. Biz də onlara nümunə olmağa çalışırıq. Özümüz də səhərdən axşama kimi işləyirik. Sabah necə olacağını bilmirəm, amma onlar hər zaman belə qalmalıdır. Öz markalarını saxlamalıdırlar. Futbolçulara bunu demişdik və onlar da əməl etdilər. "Qəbələ" həm böyük klubdur, həm də yaxşı gənc futbolçulara şans verir. Onlar da özlərini yaxşı tərəfdən göstərirlər. Bizim sağ cinah müdafiəçimiz olan Eşqin Əhmədovu indiyə qədər kimsə tanıyırdı? O, oyunun ən yaxşısı idi. Özünəinamı və matça yanaşması əla idi. Mərkəz müdafiəçimiz İbrahim Ramazanov da ikinci oyundur meydandadır. Bütün bunlar pozitiv məqamlardır. Özlərini göstərməyə çalışırlar. Oyuna gəldikdə, qırmızı vərəqəyə qədər də diqtə edən tərəf biz idik. Müdafiədə etibarlı və diqqətli oynadıq. Epizodlarımızdan da istifadə edib qalib gəldik. Bir neçə qol epizodumuz var idi. Əsas odur ki, qalib gəldik. Neqativ odur ki, komanda artıq Premyer Liqadan düşüb. Necə olacağını sabah görəcəyik. Əsas odur ki, biz işimizi yerinə yetirək. Bura gəlmişiksə, özü də xarici mütəxəssis kimi gəlmişiksə, sona qədər peşəkar kimi çalışacağımızı maksimum göstərməliyik. Sabah necə olacağını Allah bilir. Təki, hər şey yaxşı olsun".
Sportnet.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın XXXIV turunun "Sabah"la (2:0) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Yerli futbolçulara şans verməkdə gecikmədiniz?
- Bizim özümüzdə də bu cür suallar var. Amma neçə vaxtdır buradayıq? Hər şeyə zaman lazımdır. Gənc oyunçuları görmək, ikinci komandamızın oyunlarına getməyimiz üçün vaxt lazım idi. "Qəbələ-2"nin oyunlarına getdik və gənc futbolçuları oradan əsas komandaya cəlb etdik. Psixoloji amillər də var. Əmin olun ki, özüm-özümə də bu sualları verirəm.
- Sonuncu əvəzetmələr zamanı İlkin Qırtımov əsəbiləşdi, final fitini gözləmədən paltardəyişmə otağına yollandı. Nə baş vermişdi? Bu haqda xəbəriniz var?
- Hər kəsin öz vəzifəsi var. Hamı da öz vəzifəsinin öhdəsindən gəlməlidir. İlkinə oynamaq şansı verdik, oynadı, daha sonra zədələndi. Mən baş məşçqiyəm. Fikrimcə, onun mövqeyində oynayan sağ cinah müdafiəçisi və mərkəz müdafiəçisi bu gün ən güclüdür. Təbii ki, hər futbolçu oynamadığı üçün əsəbi olmalıdır. İlkin də təcrübəli futbolçudur. Əgər o, özünü saxlaya bilmirsə, azaddır. Mən tərəfdən problem yoxdur. O, özünü saxlaya bilmirsə, mənim yox, özünün problemidir. Bu cür anları çoxdan keçmişəm. 10-15 il əvvəl bu cür epizodlara reaksiya verirdimsə, çoxdandır, reaksiya vermirəm.
- Qələbə qazanmağınızda psixoloji gərginliyin olmamasının köməyi var?
- Kimsə belə düşünürsə, mənim üçün problem deyil. Futbolçu meydana çıxırsa, ola bilməz ki, stressiz olsun. Futbolçular daim peşəkar kimi qalmalıdır. Çox oyunda bizim, sadəcə, bəxtimiz gətirmədi. "Neftçi" qapımıza bir zərbə vurdu, qalib gəldi. "Səbail"lə görüşdə 2:0 qalib gəlirdik, sonda uduzduü. Bəhanə gətirmirəm, sadəcə, faktı deyirəm.