“Düzdür, mükafatlandırıldıq, amma çempionluğu iki ay öncə təmin etmişdik. Mövsüm ərzində çox yaxşı işlər gördük. Komandadakı hər kəs nəticəyə görə çox xoşbəxtdir. Çünki hamımız çalışdıq. Mövsümü ilk pillədə başa vurmaq başlıca məqsədimiz idi və buna nail olduq”.
Sportnet.az xəbər verir ki, bu sözləri "Azərtac"a açıqlamasında Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümünün qalibi olan “Qarabağ” klubunun qapıçısı Andrey Lunyov mükafatlandırma mərasimindən sonra deyib.
O bildirib ki, ölkə çempionatının qalibi olsalar da, komandanın mövsümü uğurlu başa vurduğunu demək tezdir: “Çünki mövsüm bitməyib. Öz çıxışımdan razı qalıb-qalmadığımı da indidən deyə bilmərəm. Hələ bir oyunumuz qalıb. Bizi iyunun 2-də Azərbaycan Kubokunun finalında “Zirə” ilə matç gözləyir. İnanıram ki, bu qarşılaşmada da özümü ən yaxşı tərəfdən göstərə biləcəyəm”.
33 yaşlı qolkiper komandadakı gələcəyi ilə bağlı danışıqların getdiyini söyləyib: “Əslində bu barədə danışmaq, fikir bildirmək istəmirəm. Çünki mövsüm davam edir. Yalnız mövsüm bitdikdən sonra cavab verəcəyəm. Sadəcə, onu deyə bilərəm ki, bu barədə müzakirələr aparırıq. Ümid edirəm ki, yekun qərar həm mənim, həm komandamın xeyrinə olacaq”.
Rusiyalı qapıçı Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinə düşmək şanslarını da dəyərləndirib: “Burada Avropa ölkələrinin ən güclü klubları mübarizə aparır. Əlbəttə ki, uğur qazanmaq üçün səy göstərəcəyik. Hədəfimiz qrup mərhələsinə yüksəlməkdir. Bunun mümkün olacağını düşünürəm. Bu mövsüm Avropa Liqasında layiqli mübarizə apardıq. Niyə də eyni performansı Çempionlar Liqasında göstərməyək?! Bilirəm ki, uğura gedən yolda maneələr çox olur. Buna görə də daha çox inkişaf etməli, Avropadakı son təcrübələrimizdən istifadə etməliyik”.
Qeyd edək ki, “Qarabağ” 83 xalla bu mövsüm tarixində 11-ci dəfə Azərbaycan çempionu olub.