"Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, mövsüm başa çatdıqdan sonra Ayxan Abbasovla yolları ayıran Qərb təmsilçisi onun yerinə əcnəbi mütəxəssis gətirib.
Belə ki, bölgə komandasının türkmənistanlı mütəxəssis Qurban Berdiyevlə danışıqları müsbət yekunlaşıb. 71 yaşlı çalışdırıcı bu məqsədlə 3 gün öncə Azərbaycana dəvət olunub.
O, gələn həftə Bakıya gələcək və tərəflər rəsmi müqaviləyə imza atacaqlar.
“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünü 6-cı pillədə başa vurub.
Qeyd edək ki, 1986-cı ildə məşqçiliyə başlayan Berdiyev karyerası ərzində “Taraz”, “Gənclərbirliyi”, “Kayrat”, “Rubin”, “Rostov”, “Traktor”, “Soçi” klublarını, həmçinin Türkmənistan yığmasını çalışdırıb. Onun son iş yeri isə bu il ayrıldığı Mahaçqala “Dinamo”su olub.
Berdiyevin əsas uğurları “Rubin”lə bağlıdır. O, Kazan klubunda 2 dəfə Rusiya Premyer Liqası və Rusiya Superkubokunu, 1 dəfə isə Rusiya Kubokunu qazanıb. (matç.az)